Azərbaycan təsviri incəsənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri.
== Tarixi ==
=== Qədim dövr ===
Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).